Aze      Eng

ANGC-i haqqında

ANGC-nin strukturu

Hesabat

Tədbirlər təqvimi

"Azərbaycan Geoloqu"

Qəzet

Bizim haqqımızda

Fotoqalereya

Əməkdaşlıq

Əlaqələr

"Mezozoy neftinin axtarış problemləri" Elmi seminarı

2011-ci ilin aprel ayında Bakıda keçirilən elmi konfransda Mezozoy neftinin axtarış problemləri haqqında geniş müzakirə keçirilmişdi  və müzakirələr zamanı qərar qəbul olunmuşdu ki, bu məsələ ilə bağlı sentyabr ayında 1 günlük xüsusi seminar keçirilsin. Həmin seminar 27 sentyabr tarixində ARDNŞ baş ofisi, AMEA Gelogiya İnstitutu, Geofizika ETİ, GGİ,  NQETLİ nümayəndələrinin iştirakı ilə keçirildi.

Seminara Sədrlik edən Dr Akif Nərimanov öz giriş çıxışında iştirakçılara bildirdi ki, baxmayaraq ki Azərbaycanda mezozoy neftinin axtarışı ilə bağlı ümumi toplam metrəsi 1 mln metrə yaxın 300-ə qədər dərin quyu qazılıb, lakin keçmişdə keyfiyyətsiz aparılan qazma və seysmik işlər nəticəsində mezozoy çöküntülərinin ümumi qalınlığından 15-20%-i nisbətən öyrənilmiş hesab oluna bilər. Ona görə də iştirakçılar gələcəkdə geofiziki və geoloji kəşfiyyat işlərinin axtarışına dair istiqamətlərini  müzakirə etməyə çağırıb. Kəşfiyyatgeofizika İdarəsinin Direktoru Elmlər Doktoru Namaz Yusubov, Elmlər namizədi Şahvələd Köçərli, Baba Qarayev mezozoy neftinin axtarış problemlərinə dair  məruzə ilə çıxış etdilər, mövzü ətrafında geniş müzakirələr aparıldı və təkliflər irəli sürüldü. Müzakirələrdə Akademik İbrahim Quliyev, Professorlar Rahib Rəhmanov, Mikayıl Bağırov, Əli Novruzov, Akif Əliyev, öz sahələrində aparıcı mütəxəssislər Yusif Şıxəliyev,  Novruz Əhmədov, Xamis Yusifov, Əli Süleymanov əldə etdikləri təcrübələri bölüşdülər, məlumatları bildirib təkliflər irəli sürdülər.

Seminarın sonunda yekdilliklə qərar qəbul olundu ki, Dövlət Neft Şirkətinin rəhbərliyi altında mezozoy neftinin axtarışı ilə bağlı qısa müddətdə xüsusi geniş kompleks işlər proqramı tərtib olunsun.

Seminarda həmçinin Statoil, Total E&P Azərbaycan, GDF Suez şirkətinin də nümayəndəri  ilə yanaşı ADNA-nın da tələbəri iştirak etdi.

 

Ə.Əlizadənin 100 illik konfransının hesabatı

 

2011-ci ilin aprel  ayının 29-30-da   ARDNŞ-ın Neftqazelmitədqiqatlayihə Institutunda  ANGC, AMGK və AYAMA-nın Azərbaycan bölməsi-nin birgə təşkilatçılığı ilə Akademik Əşrəf Əlizadənin 100 illik yubileyinə həsr olunmuş Regional geologiya və neft qaz yataqlarının xüsusiyyətləri adlı elmi konfrans keçirildi.

Konfransın prezidiumunda ARDNŞ-ın Vitse-prezidenti Rəfiqə Hüseynzadə, Neftqazelmitədqiqatlayihə Institutunun Direktoru Fəxrəddin Ismayilov, Geologiya Geofizika Idarəsinin Rəisi Vaqif Abdullayev, AMEA Geologiya Institutunun direktor müavini Ibrahim Quliyev, AYAMA Azərbaycan bölməsinin Prezidenti və Təşkilat Komitəsinin Sədri Akif Nərimanov və yubilyarin oğlu Nəsim Əlizadə iştirak etdilər.

Fəxrəddin Ismayılov konfranı açaraq  görkəmli alim Ə. Əlizadənin həyatından, elmi işlərindən və Azərbaycan neftçilərinin, geologların hazırlanmasında onun böyük rolu olduğunu danışdı. Daha sonra A.Nərimanov öz çıxışında bütün iştirakçıları böyük alimin 100 illik yubileyi münasibətilə təbrik etdi və qeyd etdi ki, Akademik Əşrəf Əlizadənin Azərbaycanda geologiya elminə və neft sənayesində əvəzsiz dəstəyi olmuşdur. Ona görə də, Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti  dəfələrlə görkəmli alimin yubileyinə həsr olunmuş konfranslar keçirmişdir.  Firudin Hacıyev akademikin həyatı və elmi irsi haqqında geniş məruzə etdi, bir çox alim və görkəmli şəxsiyyətlərin Əli Əşrəf Əlizadə haqqında dəyərli fikirlərini konfrans iştirakçılarının nəzərinə çatdırdı. Nəsim əlizadə konfrans təşkilatçılarına və iştirakçılarına Akademiki yad etdikləri və belə yüksək səviyyəli konfrans keçirdikləri üçün təşəkkürünü bildirdi və atası ilə bağlı xatirələrindən danışdı. Sonda Arzu Cavadova “Şimali Xəzər- unikal hövzə, unikal yanaşma” adlı təqdimat keçirdi.

Konfrans öz işini  aprelin 30-da, geofizika və geologiya idarəsində davam etdirdi. Konfransa ümümilikdə Təşkilat Komitəsi tərəfindən seçilmiş 27-yə yaxın məruzə səsləndi. A. Nərimanovun “Azərbaycanda Mezozoy neftinin axtarış problemləri”-nə dair məruzəsi xüsusi diqqət çəkdi.  Mövzu ətrafında geniş müzakirələr aparıldı və təklif olundu ki, Mezozoy neftinin axtarış problemləri ilə bağlı geologların, alimlərin və bu sahədə çalışan mütəxəssislərin iştirakı ilə 1 günlük seminar keçirilsin. Seminar bu ilin sentyabr ayında keçirilməsinə qərar verildi. Bundan başqa X.Z.Muxtarova (ADNA)- Abşeron arxipelağı strukturlarının neft-qaz perspektivliyi”,  M.F.Tağıyev (NQETLİ)- “Azərbaycanda bitum resurslarının qiymətləndirilməsi”, R.R.Cəfərov, S.S.Hacıyev (NQETLİ) – “Darvin bankası və Pirallahı adası qalxımlarında yeni neftli tektonik blokların və horizontların aşkar edilməsi” məruzələri də maraqla qarşılandı.

Konfransda ARDNŞ baş ofisi, ASOA,  AMEA Gelogiya İnstitutu, Geofizika ETİ, GGİ,  BP Azərbaycan, NQETLİ, Azneft İB və digər idarə nümayəndələrinin iştirak etdi.

Konfransda səslənən məruzələrin toplusu Azərbaycan Geoloqu elmi jurnalında dərc olunacaqdır.

 

 

Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti Akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunan

“ Karbohidrogenlərin Miqrasiyası, Generasiyası və Akkumulyasiyası” mövzusunda elmi konfrans keçirmişdir.

15 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutunda keçirilən konfransın Plenar iclasında ARDNŞ-ın I vitse prezidenti, akademik Xoşbəxt Yusifzadə, “Azneft” İstehsalat Birliyinin baş direktoru Səbuhi Əhmədov, “Neftqazelmitədqiqatlayihə” İstitutunun direktoru Fəxrəddin İsmayılov, digər idarə və müəssisə rəhbərləri, tanınmış geoloqlar iştirak etdi.

 Konfransın Təşkilat Komitəsinin sədri, “Azneft” İstehsalat Birliyinin baş geoloqu Akif Nərimanov tədbiri giriş sözü ilə açaraq  əməkdar elm xadimi, dövlət mükafatı laureatı, akademik Şəfaət Mehdiyevin elmi-pedaqoji fəaliyyətindən, bədii-publisistik yaradıcılığından, ali insani xüsusiyyətlərindən danışdı. A.Nərimanov qeyd etdi ki, akademik Ş.Mehdiyevin yubiley tədbirləri 1995-ci ildən bəri  beş ildən bir keçirilir.  Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti (ANGC), Avropa Yer elmləri Alimləri və Mühəndisləri Assosiasiyasının Azərbaycan bölməsi (AYAMA) və Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin birlikdə təşkil etdiyi konfransın informasiya dəstəyini Ümumdünya Elmi Əməkdaşlıq Təşkilatı həyata keçirir. Təşkilat komitəsinin sədri Şəfaət Mehdiyevin elmin və təhsilin, Azərbaycan geologiyasının, neft-qaz sənayesinin inkişafındakı xidmətlərindən bəhs etdi. A.Nərimanov görkəmli elm xadiminin Bakı Dövlət Universitetinə, AMEA Geologiya İnstitutundakı müvafiq şöbəyə, Azərbaycan Neft-Kimya İnstitutunda Qaz yataqlarının kəşfiyyatı kafedrasına rəhbərlik etdiyi illərdə alim-pedaqoq kimi gördüyü mühüm işlərdən, dərslik və monoqrafiyalar yazmasından danışdı.

Konfransda Dövlət Neft Şirkətinin I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 8 noyabr 2010-cu il tarixində Prezident İlham Əliyevin “Akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. X.Yusifzadə qeyd etdi ki, ümumilikdə bu kimi sərəncamlarla Prezident İlham Əliyevin neftçilərə, elm xadimlərinə verdiyi diqqət hər kəsə məlumdur. “Bildiyiniz kimi Azərbaycanın neft sənayesinin 150 ildən artıq tarixi var. Təsadüfi deyil ki, neft elminin inkişafında azərbaycanlı alimlərin, geoloqların xidmətləri olduqca böyükdür. Bunlardan biri də Şəfaət müəllim idi. Neft geologiyasının inkişafında onun özünəməxsus rolu var. Şəfaət Mehdiyevin elmin və təhsilin təşkilində, yüksək ixtisaslı coğrafiyaşünas kadrların yetişməsində böyük xidmətləri olmuşdur. Neftin mənşəyinə, Azərbaycan geologiyası, tektonikası və neftli-qazlığına dair çoxsaylı monoqrafiyaların, xəritələrin, ali məktəblər üçün sanballı dərsliklərin müəllifidir.”

X.Yusifzadə vurğuladı ki, Şəfaət müəllimin müəllifi olduğu elmi əsərlər neftçi-geoloqların stolüstü kitabıdır. Müəllifi olduğu elmi kitabları ilə Şəfaət müəllim dünya miqyasında tanınan alimlərdən olmuşdur.

ARDNŞ-in I vitse-prezidenti əlavə etdi ki, Azərbaycanın görkəmli neftçi-geoloqu, geologiya-minerologiya elmləri doktoru, akademik Şəfaət Mehdiyev neft sənayesinin inkişafında səmərəli xidmətlərindən başqa bədii yaradıcılıqla da məşğul olurdu. X.Yusifzadə onun tarixi dramlarında nəhəng ədəbi simaların obrazlarını, XX əsrdə Cənubi Azərbaycanda Səttarxanın başçılığı ilə alovlanan milli azadlıq hərəkatını təsvir etməsindən, mənəvi-əxlaqi məsələlərdən bəhs edən “Vicdan yükü” pyesindən, şeirlərinin poetikasından, nəsr yaradıcılığında və publisistikasında aktual ictimai problemlərin qoyuluşundan danışdı.

“Elm sahəsində Şəfaət müəllimin xidmətləri ilə yanaşı təşkilatçılıq bacarığı da var idi. AMEA-nın Geologiya İnstitutunun direktoru olub. Aspiranturada təhsil alan Ş.Mehdiyev 1944-cü ildə müharibədən qayıdandan sonra 1 il ərzində namizədlik dissertasiyasını müdafiə edir. 1950-ci ildə doktorluğunu müdafiə edən, 1955-ci ildə Akademiyanın müxbir üzvü olan Şəfaət müəllimin elmə olan marağı olduqca böyük idi” - deyən X.Yusifzadə xatırlatdı ki, hələ Neft Daşlarında işlədiyi müddətdə Şəfaət müəllim haqqında məlumatım var idi, onun xidmətlərindən xəbərdar idim. Bir faktı da vurğuladı ki, gənc kadrların yetişməsində Şəfaət müəllim hər kəsə köməkliyini göstərirdi.

Çıxışının sonunda X.Yusifzadə vurğuladı ki, neft sənayesində bu gün əldə olunan nailiyyətlərdə Ş.Mehdiyevin xidmətləri daim yaşayacaq. Onun müəllifi olduğu əsərlər, kitablar, monoqrafiyalar hər zaman bizim stolüstü kitabımız olub. Geoloqlarımız fəaliyyətlərini artırdıqca, inkişaf etdirdikcə bu kitablardan istifadə edəcəklər.

 

Geodəyişiklik Beynəlxalq Komitəsinin prezidenti, Zəlzələlərin proqnozlaşdırılması üzrə Qlobal Şəbəkənin baş direktoru, geologiya-mineralogiya elmləri doktoru,      professor Elçin Xəlilov “Yeni beynəlxalq tədqiqatlarda akademik Şəfaət Fərhad oğlu Mehdiyevin elmi irsi”, Total E&P Azərbaycan şirkətinin Geologiya üzrə meneceri Bertrand Şövaliye “Kəşfiyyatın risk analizində neft sistemlərinin modelləşdirilməsinin rolu”, AMEA-nın Geologiya İnstitutunun direktorunun müavini, akademik İbrahim Quliyev “Dərin qatların karbohidrogen potensialı” mövzularında geniş və ətraflı çıxış etdilər. Görkəmli geoloq-alimin dünya elm tarixində ilk dəfə neft mənşəyinin “Dərinlik-biogen” nəzəriyyəsini irəli sürdüyünü, “Neftin dərinlikdə əmələ gəlməsi geneziyası” mövzusunda dəyərli tədqiqatların, Abşeronun geoloji xəritəsinin müəllifi olduğunu,  “Azərbaycan SSR-in neft-qaz yataqları və perspektiv strukturları xərtiəsi’nin hazırlanmasınarəhbərlik etdiyini xatırlatdılar.

 

Yubilyarın oğlu, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi, atası ilə bağlı xatirələrini bölüşdü. Akademik Arif Mehdiyev bir faktı xüsusi olaraq tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Şəfaət Mehdiyev bir müddət indiki “Neftqazelmitədqiqatlayihə” İnstitutunda da çalışıb. A.Mehdiyev qeyd etdi ki, ümummilli lider Heydər Əliyev akademik Şəfaət Mehdiyevi böyük alim, böyük ziyalı və şəxsiyyət kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 8 noyabr 2010-cu il tarixli sərəncamı isə bütövlükdə Azərbaycan elminə, elm xadimlərinə verilən yüksək qiymət kimi dəyərləndirildi.

 

 

 

Məlumat üçün bildirək ki,  Y. Şıxəliyev, A.Nərimanov, F. Hacıyev, B. Şevalyer, L.Əlimuradova və S.Əkbərova iştirakı ilə dekabrın 1-ində Təşkilat Komitəsinin iclası keçirildi. Konfransa təqdim olunan 34 məruzəyə baxış keçirildi və bu məruzədən 20-si konfransa qəbul edildi. Digər məruzələr konfransın mövzusuna uyğun olmadığı üçün qəbul edilmədi.

 “Karbohidrogenlərin miqrasiyası, generasiyası və akkumulyasiyası” adlı elmi konfrans 16 dekabr tarixində ARDNŞ-ın Geofizika və Geologiya İdarəsində öz işini  davam etdirdi. Konfransın I hissəsinə A. Nərimanov və İ. Quliyev sədrlik etdi. A.Nərimanov konfransı giriş sözü ilə açaraq bildirdi ki, konfrans karbohidrogenlərin miqrasiyası, generasiyası və akkumulyasiyası nəzəriyyəsinə həsr olunan elmi məruzələrin təqdimatı ilə davam etdiriləcək.

 

 

 

I hissədə  “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşı Cəbrayıl Ələsgərov “Neotektonik hərəkətlərin əmələgəlmə vaxtının təyini və onun karbohidrogenlərin miqrasiyasında və neft-qaz yataqlarının formalaşmasında rolu”, İnstitutun “Geoloji və geofiziki ümumiləşdirmə” labaratoriyasının müdiri Xamis Yusifov “Ceyrankeçməz depressiyasının struktur-tektonik xüsusiyyətləri və neftqazlılıq perspektivliyi”, Azneft İB-nin baş geoloqu, professor Akif Nərimanov “Karbohidrogenlərin migrasiyası və akkumulyasiyası nəzəriyyəsinə Cənubi Xəzər çökəkliyində alınmış geoloji məlumatlar nə verib?”, ADNA-nın kafedra müdiri Çingiz Xəlifəzadə və geoloji kəşfiyyat fakültəsinin dekanı Vaqif Qurbanov “Azərbaycanın Xəzəryanı çökəkliyi hüdudlarında Orta Yura argillitlərinin katagenetik modeli” adlı məruzələr səsləndi. O cümlədən Geofizika ETİ-nin aparıcı elmi işçisi Raqib Rəhmanov “Cənubi Abşeron çökəkliyində neft və qazin əmələgəlmə  qanunauyğunluqları”,  “Neftqazelmitədqiqatlayihə”  İnstitutunun “ neft  qaz  mədən geologiyası” laboratoriyasının müdiri İradə  Məmmədova “Neftlə doymanın qiymətləndirilməsi üçün neft və qaz rezervuarlarının ilkin energetik və dinamik parametrlədinin öyrənilməsi”, Azneft İB-nin neft və qaz yataqlarının uçotu və qiymətləndirilməsi şöbəsinin əməkdaşları Leyla Əlimuradova və Hicran  Əliyevanın “Günəşli yatağında Qıkməkialtı lay dəstəsinin neftqazlılığının əsas xüsusiyyətləri, Azenft İB-nin Markşeyderiya şöbəsinin müdiri Ərəstun  Xuduzadə “Qərbi Abşeron yatağının karbohidrogen akumulyasiyasının xüsusiyyətləri”, Azneft İB-nin baş geoloqu, professor Akif Nərimanovun,  “Neftqazelmitədqiqatlayihə” İnstitutunun “Hidrogeologiya və hidrokimya” laboratoriyasının müdiri Firudin Hacıyev,”28 May” NQÇİ-nin baş geoloqu  Ədalət  Eminovun “Günəşli”  yatağinda  işlənməsinə suvurma prosesinin təsiri  haqqinda  məruzələri dinlənildi.

 

 

 

 

Fasilədən sonra II hissəyə “Neftqazelmitədqiqatlayihə” Institutunun neft və qaz yataqlarının işlənməsi üzrə direktor müavini, geologiya mineralogiya elmləri doktoru Əhməd Salmanov və İnstitutun laboratoriya müdiri Firudin Hacıyev sədrlik etdi. A.Ə. Nərimanov, T.M.Məmmədov,A.İ.Abdullayev, R.R.Kazımov-Laylara tətbiq olunan üçüncü təsir üsullarının ikinci miqrasiyaya təsiri, A.M.Qasımlı, M.Q.Abdullayev, F.Y.Abdullayeva- Mikrobioloji təsir zamanı neftveriminin artırılmasının laydaxili prosesləri barədə, A.M.Qasımlı, A.İ.Abdullayev, F.Y.Abdullayeva, S.C.Rzayeva- Biotexnologiya: Azərbaycanın quru ərazisində yerləşən və işlənmənin son mərhələsində olan yataqlarında  tətbiqinin uğurları, Ş. Abdullayeva-  Bibiheybət yatağı obyektlərinin ehtiyyatdan istifadə dərəcələrinin müxtəlifliyi barədə (V horizont və I QD timsalında), Z. Cavadzadə-Neftqaz perspektivliyi ilə əlaqəli Qarabağlı, Kürsəngi, Bəndovan, Pirsəhhət lokal qırışıqlarının inkişafının xüsusiyyətləri, Ş. Səmədov- Bibiheyət yatağında QÜQ2 lay dəstəsinin çıxarılabilən ehtiyyatlarının dəqiqləşdirilməsi, E.V. Suleymanov- Müxtəlif geoloji

şəraitlərlə səciyyələnən yataqlarda işlənilmə xüsusiyyətləri (Balaxanı-Sabunçu-Ramanı yatağı  VI horizont timsalında).  Sonda Akif Nərimanov BP Azərbaycan şirkətinin konfransda çıxış edən tələbələrə təqdim etdiyi hədiyyələri təqdim etdi.

 

ANGC-nin sentyabr-noyabr 2010-cu il ərzində gördüyü işlər

 Aylıq Görüşlər

 ü  28 sentyabr 2010 tarixində ANGC-nin aylıq görüşündə alim, geoloq-neftçi, professor, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycanın əməkdar geoloqu, prezident təqaüdçüsü  Nüsrət Xəlilov Cəmiyyətin fəxri üzvü seçildi. İclasda yeni yaradılmış www.aspg.az www.eage.az saytlarının təqdimatı keçirildi. Total Azərbaycan şirkətinin geologiya üzrə meneceri Bertrand Şevalyer iclas iştirakçılarına TOTAL şirkətinin fəaliyyəti haqqında danışdı.

 ü  15 oktyabr tarixində ANGC ARDNŞ-ın Geologiya və Geofizika İdarəsində BDU və ADNA tələbələrinə “yearltı təzyiqlər haqqında əsas məlumat” adlı mühazirə keçirmişdir. Mühazirəni BP Azərbaycan şirkətinin baş geologu Rauf Nadirov təqdim etmişdir.

 ü  26 oktyabr tarixində ANGC aylıq iclasında;

1.      ANGC tələbələrlə iş üzrə koordinatoru Elşən Abdullayev Tələbə bölməsinin Amerika Neftçi geoloqarı Assosiasiyasının İllik konfrans və sərgidə iştirakı haqqında məlumat verdi.

 2.      "Techlog" proqramından vasitəsilə reservuarların petrofiziki  analizi haqqında.-Samirə Bağırova /Schlumberger/

 ü  27 noyabr tarixində ANGC BDU-də “Geologiya Günü” keçirilmişdir. Tədbirdə BP Azərbaycan şirkətinin geoloqu Fərhad Sadıxov “Spring Desert”, “Green River” hövzəsi və Wyoming (Vayoming) yataqların quruluşu” adlı təqdimat keçirilmişdir. Eləcə də, tələbələrin; Elşən Abdullayev, Kamran Kazımzadə,Camal Yahyayev və Məti Gülməmmədovun çıxışları olmuşdur.

 ·         17-19 oktyabr tarixində ANGC Amerika Neftçi Geoloqları Assosiasiyasının illik kofrans və sərgisi keçirilmişdir. Konfransda Dr. Akif Nərimanov “Xəzər, Cənubi Xəzər, Azərbaycan və Türkmənistan” seksiyası üzrə M. Simmons ilə həmsədr olmuş, bu seksiya üzrə “Cənubi Xəzərin Azərbaycan sektorundakı neft və qaz kəşfiyyatının vəziyyəti və problemləri” mövzusunda şifahi məruzə ilə və “Günəşli yatağının neft və qaz tərkibinin xüsusiyyətləri. Cənubi Xəzərin Azərbaycan sektoru” mövzusunda stend məruzə ilə çıxış etmişdir.

Azərbaycan Dövlət Neft Akademiyasından üç tələbə: “Cənubi Xəzər hövzəsinin qərb     bortunun Məhsuldar Qat çöküntülərinin mineraloji tərkibi (Bulla-Dəniz timsalında)"  mövzusu ilə Elşən Abdullayev, “Qarabağlı, Kürsəngi, Bəndovan və Pirsaat qalxımlarının inkişaf xüsusiyyətləri və onların perspektivliyi” mövzusu ilə Zöhrab Cavad-zadə və “İstismarda olan yataqlarda quyu kəsilişlərinin cari məhsuldarlığının qiymətləndirilməsi” mövzusu ilə Elçin Şəkərov iştrak edib və stend məruzə ilə çıxış etmişdirlər.

 Çöl Ekskursiyaları

 ü  2 Oktyabr 2010 tarixində BDU və ANGA  tələbəri üçün Altıağaca ekskursiya keçirilmişdir. Ekskursiyaya Geologiya İnstitutunun geolqu Eldar Hüseynov rəhbərlik etmişdir. Ekskursiyada Azneft İstehsalat birliyinin geoloqları Səbuhi Kərimov, Rəcəb Kazımov və 25 tələbə iştirak etmişdir. Ekskursiya zamanı tələbələr Təbaşir dövrü çöküntülərinin yerüstü çıxıntıları ilə tanış olmuşlar.

 ü  30 oktyabr 2010 tarixində Şlumberje Azərbaycan şirkəti ANGC tələbələrinin Qobustan Palçıq vulkanlarına ekskursiyasını təşkil etmişdir. Şlumberje şirkətindən Vüqar İsmayılovun  rəhbərlik etmiş, tələbərə vulkanların yaşı, quruluşu, genezisi haqqında geniş məlumat vermişdir.

 ü  6 noyabr 2010 tarixində BP Azərbaycan şirkəti tələbələrin Qirmaki dərəsinə ekskursiyasını keçirmişdir. Qreq Rayli və Şövgiyyə Məmmədovanın rəhbərliyi ilə tələbələr Qirmaki dərəsi, fasilə lay dəstəsi və Yanardağ sahələri ilə tanış oldular.

 

2010-cu ildə görülən işlər
 

            • ANGC, Azərbaycan Milli Geofizika Komitəsi və AYAMA-nın Azərbaycan bölməsi arasında birgə əmədaşlıq haqqında saziş imzalanıb. Akif Nərimanov yekdilliklə Rəhbər Komitənin sədri seçilib. RK-nın sədr müavini Vaqif Abdullayev, üzvləri Firudin Hacıyev, Yusif Şıxəliyev, İbrahim Quliyev, müşavirlər Vaqif Qurbanov, Rob Algie, Qreqori Rayli, icraçı katib isə Lalə Məmmədovadır. (Yanvar)
            • ANGC üzvlərin sayısının çoxluq təşkil etdiyi idarələrdə fəaliyyətini tənzimlənmək məqsədilə bölmələr yaradıb. Hal hazırda “28 May” (NGÇİ),“- rəhbər Ədalət Eminov, Neft Daşları” (NGÇİ)- Rafiq Sadıqov, Kompleks Qazma trestində-Vahid Cəfərov, Azərbayvan Dövlət Neft Akademiyasında (ADNA)- Bəhmən Hacıyev, “Neftqazelmitədqiqatlayihə” İnstitutunda- Bakir Məhərrəmov, Geologiya və Geofizika İdarəsi (ARDNŞ) –Yusif Şıxaliyev, digər NQÇİ-lər və Azneft İB Ələmdar Useynovun üzrə rəhbərlik etdiyi ANGC bölmələri yaradılmışdır. Bununla bağlı digər yerlərdə, o cümlədən ARDNŞ-ın Geologiya İnstitutu və BP Azərbaycan şirkətində bölmələrin yaradılması haqqında danışıqlar aparılır. (Mart)
           • ANGC Barselonanın İspaniya şəhərində Avropa Yer elmləri və Alimləri Assosiasiyasının (AYAMA) keçirdiyi 72-ci İllik Beynəlxalq Sərgi və Konfransda iştrak etmişdir. Rəhbərlərin görüşü zamanı cəmiyyətlər və onların gördüyü işlər, eləcə də, gələcək planlar haqqında ətraflı söhbət aparılmışdır. Sərgidə Cəmiyyətin gördüyü işləri əhatə edən plakatlar nümayiş etdirilmişdir. (iyun)
          • Hər ay geologların görüşü keçirilmişdir. Görüşdə müxtəlif xarici şirkətlər, ARDNŞ-ın idarələrindən mütəxəssisərlə yanaşı aparıcı universitetlərin tələbələri də iştirak edir. Görüşdə Azərbaycanda yerləşən neft-qaz yataqlarının vəziyyətindən bəhs edən prezentasiyalar təqdim edilir, neft sənayesi, geologiya, geofizika sahəsindəki yeniliklərdən və əldə olunan təcrübələrdən söhbət aparılır.

-Prof MirYusif MirBabayev -“Neftin Qısa tarixi” adlı kitabı ətrafında söhbət Fevral
-Əhməd Mustafayev (“Azneft” İB)- “Azərbaycanda kəşfiyyat işlərinin vəziyyətinə dair” Mart
-Nazim Abdullayev (BP) -“Tetisin kənar zolağında Cənubi Xəzər hövzəsi çöküntüləri” Mart
- Anar Nəbiyev (BP) -Azəri Çıraq Günəşli yatağı haqqında
-Firudin Hacıyev (“Neftqaz elmitətqiqatlayihə” institutu) -Günəşli yatağında suvarmanın laylara təsiri
-Fərxad Sadıxov (BP)-Şah -Dəniz yatağında Qaz-Su təmasının seysmik üsüllarla müəyyənləşdirilməsi. Şah Dəniz yatağında quyuların planlaşdırılması və kollektor xüsusiyyətləri haqqında
- Həsən Əsgərov (BP) - Azəri –Çıraq-Günəşli yatağında reservuarların seysmik monitorinqi
-Raid Rüstəmov (“Neftqaz elmitətqiqatlayihə” institutu) -Cənubi Xəzər Hövzəsi neft –qaz yataqlarının termobarik anomaliyaları haqqında

          • ANGC XIV Tələbə Konfransını keçirmişdir. Konfrans iki mərhələdə, birinci mərhələ aprelin 3-ü ikinci mərhələ aprelin 10-da keçirildi. Konfransda ADNA və BDU-dan qırxa yaxın tələbə iştirak etdi. Tələbələrin konfransa marağını artırmaq məqsədilə müsabiqə şəklində təşkil edilmişdi. Münsiflər heyəti Firudin Hacıyev, Bakir Məhərrəmov (ARDNŞ), Nəriman Nərimanov, Bəhmən Hacıyev (ADNA), Təranə Təhməzova (BDU), Qəhraman Süleymanov, Mayıs Qasımov (Azneft İB), Vagif Həsənov (RWE), Vügar Ismayilov (Schlumberger), Nazim Abdullayev, Əfgan Hüseynov (BP), Elşən Abdullayev idi. Birinci yerə ADNA 3-ü kurs tələbəsi Elçin Şəkərov, ADNA 3 kurs tələbəsi Zöhrab Cavadzadə ikinci yerə, BDU 4-cü kurs tələbəsi Aydın Bayramov 3-cü yerə layiq görüldü. 1-ci,2-ci, 3-cü yerlərin sahibləri və yaxşı çıxış etmiş tələbələrə TOTAL və BP Azərbaycan şirkəti tərəfində qiyməttli hədiyyələr təqdim olundu. Schlumberger şirkəti iştirak edən bütün 1-ci kurs tələbələrinə həvəsləndirici hədiyyələr təqdim etdi.
          Qeyd olunduğu kimi ANGC-nin əsas məqsədi tələbələrin, gənc mütəxəssislərin praktik və texniki biliklərini inkişaf etdirməkdir. Bu məqsədlə bir sıra tədbirlər həyata keçirlmişdir.

          •BDU və ADNA tələbələri üçün İnformasiya Texnologiyaları Modelləşdirmə mərkəzinə (ARDNŞ) ekskursiya. (mart)
          •BDU və ADNA tələbələri üçün "AzLab" –a eksursiya keçirilmişdir. Burada tələbələr müasir laboratoriyalarda süxur nümunələrinin fiziki-kimyəvi analizlərinin təyin edilməsi ilə yaxından tanış olmuşlar. (mart)
          •ANGC tələbələr üçün Almaniya Karlsru Texnologiyalar İnstitutunda böyük elmi işçi və Rusiya Elmlər Akademiyası Riyazi Geofizika və Zəlzələnin Proqnozlaşdırılması Beynəlxalq İnstitutunda Geodinamika bölməsinin rəhbəri, alim, prof. Alik İsmayılzadənin mühazirəsini keçirmişdir. (mart)
          •ANGC tələbə bölməsi Sankt-Peterburq şəhərində keçirilən 4-cü Beynəlxalq Sərgi və Konfransda iştirak etmişlər. ADNA-nın magistrantı, ANGC tələbələrlə iş üzrə koordinatoru Elşən Abdullayev Rusiyanın Sakt-Peterburq şəhərində keçirilən IV Beynəlxalq Geofizika və Geologiya konfransında "Cənubi Xəzərin Qərb Bortunda Məhsuldar Qat Kəsilişində Gil Minerallarının Yayılması" mövzusunda məruzəsi ilə çıxış etmişdir. O həmçinin AYAMA-nın vitse prezidenti Mahmud Abdulbaqi və Tələbə kordinatoru Şanon de Qrutla görüşmüş, AYAMA-nın tələbə bölməsi isə gələcək işlər barəsində müzakirələr aparmışdır. (aprel)
          •May ayında Bakı Tələbə Forumu keçirilmişdir. Tələbələr geologiya sahəsində aktual olan mövzulardan təqdimat keçirdilər. Bu onların biliklərini və təcrübələrini bir birləri ilə bölüşmələri və mütəxəssislərin məsləhətlərindən faydalanmaları baxımında əhəmiyyətli oldu.
          •Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) tələbələri üçün daha bir ekskursiya pallçıq vulkanlarına təşkil olunmuşdur. Azneft İB-nin mütəxəssisləri Qəhrəman Süleymanov və Səbuhi Kərimovun rəhbərliyi ilə tələbələr Bakıdan 41 km uzaqda yerləşən Pirəküşkül qəsəbəsi palçıq vulkanları və İslamdağın cənub-şərq ətəyinin pliosen-eosen çöküntüləri ilə əyani tanış olmuşlar. Onlara vulkanların növləri, yaşı və genezisi haqqında geniş məlumat verilmişdir. (may)

Bundan başqa mütəxəssislər üçün də ekskursiyalar keçirilmişdir.

          •TOTAL şirkətinin mütəxəssisləri üçün Qirmaki vadisinə ekskursiya təşkil edilib. Çöl ekskursiyasının məqsədi TOTAL şirkətinin mütəxəssislərinə gələcəkdə qazma işləri üçün faydalı ola biləcək Abşeron yarımadası ərazisinə baxış və tam informasiya ilə təmin etmək idi. ARDNŞ əraziyə ekskursiya zamanı öz mütəxəssislərini də cəlb etmişdi. (fevral)
          •RWE Dea Azərbaycan şirkətinin mütəxəssisləri Qirmaki vadisinə ekskursiya keçirilmişdir. Onlar Fasilə lay dəstəsi çıxıntıları və qədim neft quyularına baxış keçirmişlər, "Balaxanıneft" Neft Qaz Çıxarma İdarəsində (NQÇİ) olmuşlar. Çöl kursunda tələbələr də iştirak etmişlər. (may)

Davamlı olaraq hər ay informasiya bulleteni buraxılır və ANGC-nin üzvlər arasında paylanır. Aylıq bülletendə NQÇİ-lərin işləri, yeni təyin olunmuş geoloqların vəziyyəti, işlənmədə olan quyular, geologiya və əlaqəli mövzular haqqında məqalələr yer alır.

ANGC illik Azərbaycan Geoloqu elmi jurnalını nəşr edir. Jurnal alim və mütəxəssislərin elmi məqalələrindən ibarətdir.